Yunus Emre İnstitutu Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayədarlığı altında “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihə”sini (Türkiye Akademik ve Bilimsel İşbirliği Projesi-TABİP) icra edir.
Yunus Emre İnstitutu eyni zamanda elmi əməkdaşlıq və informasiya mübadiləsini təmin edən TABİP ilə elmi diplomatiya fəaliyyətlərini də icra edir. SİA-nın məlumatına görə, institut COVID-19-un çarəsini tapmaq üçün fəaliyyət göstərən bütün tərəflərin aktual elmi araşdırmaları və texniki inkişafları ən etibarlı mənbələrdən izləyə bilmələrini təmin etmək üçün covid19.tabipacademy.com saytını istifadəyə verib. “Covid-19 Hub” adlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə və təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.
Yunus Emre İnstitutu bu əhatəli platforma ilə koronavirusa qarşı elmi və texniki mübarizəyə öz töhfəsini verir. Əsas mənbələrdən əldə olunan ən müasir yenilikləri, məlumatları və tapıntıları tərtib edərək, yüz minlərlə xəstənin həyatını xilas etmək və virusun yayılmasının qarşısını almaq üçün zaman ilə mübarizə aparan elm adamları, həkimlər, tibbi avadanlıq istehsalçıları və bütün aidiyyəti tərəflər üçün əlçatan hala gətirir və koronavirusa qarşı elmi və texniki mübarizəni sürətləndirir. “Covid-19 Hub” başlıca olaraq Türkiyədəki yaxşı nümunələri və yenilikləri, eyni zamanda Yunus Emre İnstitutlarının dünya səviyyəsindəki şəbəkəsini istifadə edərək Yaponiyadan Cənubi Koreyaya Almaniyadan ABŞ-a qədər hər ölkədəki yaxşı tətbiqləri insanlığın xidmətinə təqdim edir. “Yunus Emre İnstitutunun sədri Prof. Şərəf Atəş dünyanı təsiri altına alan COVID-19 həllinə töhfə vermək üçün yeni bir xəbər saytı açdıqlarını söyləyib. İnstitutun Sədri Prof. Şərəf Atəş belə bir portala nə üçün ehtiyac olduğunu və TABİP-in məqsədini belə izah edib: “Biz Yunus Emre İnstitutu olaraq, xüsusilə mədəniyyət və elm sahəsində fəaliyyət göstəririk. Çünki mədəniyyət və elm bəşəriyyət üçün ən vacib iki sərvətdir. Və belə problemli vaxtlarda bunun dəyərini bir daha anlayırıq. Çünki mədəniyyət və elm olmadan, mədəniyyət və elm istehsal etmədən bəşəriyyətin özünü qoruması və bu təcrübəni gələcək nəsillərə ötürməsi mümkün deyil. Çünki elm bir problemin necə ortaya çıxtığının, mədəniyyət isə niyə ortaya çıxdığının cavabını axtarır. Bu mənada xüsusən də belə çətin günlərdə qarşılaşdığımız problemlərdə cəmiyyətin reaksiyası da vacibdir. Başqa sözlə, necə reaksiya verirsiniz, problemə necə yanaşırsınız, yəni həll yolu üçün yoxsa yola vermək üçün çalışırsınız? Bu mənada Yunus Emre İnstitutu da öz üzərinə düşəni etmək üçün hərəkətə keçdi. İki il əvvəl Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayəsi altında qurduğumuz TABİP adlı bir layihəmiz var. Bütöv adı, “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi”dir. Bu layihənin əsas məqsədi dünyanın hər tərəfindəki elm insanlarını, layihələri, elmi inkişafları Türkiyə ilə bölüşmək, Türkiyədəki inkişafı da dünya ilə bölüşməkdir. Beləliklə bir ekosistem qurduq. ”
Leave a Comment